"Sabah" ÇL-in son qalibi eyni qrupda

  • 8 İyul 2026, 14:55

"Sabah" basketbol komandasının FIBA Çempionlar Liqasının (ÇL) əsas mərhələsindəki rəqibləri bəlli olub.

Sportlife.az xəbər verir ki, bu, turnirin püşkatma mərasimindən sonra müəyyənləşib.

Azərbaycan çempionu A qrupunda Türkiyənin "Trabzonspor", Fransanın "Nanter", Litvanın "Ritas" klubları ilə üz-üzə gələcək.

“Sabah”ın qrupdakı ən titullu rəqibi “Ritas"dır. Litva klubu ÇL-in son qalibidir. Vilnüs təmsilçisi 2025/26 mövsümünün finalında Yunanıstanın AEK klubuna əlavə vaxtda 92:86 hesabı ilə qalib gələrək tarixində ilk dəfə turnirin baş mükafatını qazanıb.

“Nanter" Fransa basketbolunun özünəməxsus tarixə malik klublarından biridir. Əsası 1927-ci ildə qoyulan komanda 2013-cü ildə Fransa çempionu olub, 2014 və 2017-ci illərdə ölkə kubokunu qazanıb.

Nanter təmsilçisi Avropa turnirlərində də uğurlu nəticələri ilə seçilir. Klub 2015-ci ildə FIBA AvroÇelenc, 2017-ci ildə isə FIBA Avropa Kuboku turnirinin qalibi olub.

Türkiyənin tanınmış çoxnövlü idman klublarından biri olan “Trabzonspor” FIBA Çempionlar Liqasında ilk dəfə iştirak edəcək. Klub 2026/27 mövsümünün müntəzəm mərhələsinə birbaşa vəsiqə qazanan 3 debütantdan biridir.

Trabzon təmsilçisi ötən mövsüm Türkiyə Basketbol Superliqasında pley-off mərhələsinə yüksəlib və 1/4 finalda “Bahçeşehir Koleji” ilə qarşılaşıb. Komanda ev oyunlarını əsasən Trabzondakı Hayri Gür İdman Sarayında keçirir.

FIBA Çempionlar Liqasının 2026/27 mövsümünün müntəzəm mərhələsinə oktyabrın 6-da start veriləcək.

Qrupun qalibi birbaşa ən güclü "16-lığ"a vəsiqə qazanacaq. 2-ci və 3-cü yerləri tutan komandalar isə yan qrupun müvafiq təmsilçiləri ilə 3 oyunluq seriyada 2 qələbəyədək davam edən “Play-In” mərhələsində üz-üzə gələcəklər.


Paylaş: