Astanada 3 medal
Qazaxıstanın Astana şəhərində türkdilli ölkələrin şahmat çempionatı keçirilib.
Sportlife.az xəbər verir ki, yarış üç kateqoriyada – kişilər, qadınlar və 16 yaşa qədər komandalar arasında təşkil olunub.
Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədovanın yer aldığı Azərbaycanın qadınlardan ibarət komandası altı görüşdə dörd qələbə qazanıb, iki heç-heçə edib. Yekunda 10 xal toplayan, kapitanı İlahə Qədimova olan Azərbaycan qadın komandası yarışı birinci pillədə başa vuraraq qızıl medala layiq görülüb. Təşkilatçı ölkə Qazaxıstan ikinci, Özbəkistan isə üçüncü yeri tutub.
Xaqan Əhməd, Şəmsi Qaraxanov, Paşam Əlizadə və Lalə Hüseynovadan ibarət U-16 komandası altı turda beş qələbə qazanıb. Ümumilikdə 10 xal toplayan, kapitanı Fərid Abbasov olan Azərbaycanın U-16 komandası qızıl medala layiq görülüb. Gümüş və bürünc medallar Qazaxıstanın birinci və ikinci komandasına qismət olub.
Kişi şahmatçılardan ibarət Azərbaycan komandası turniri bürünc medalla başa vurub. Əhməd Əhmədzadə, Misrətdin İskəndərov, Xəzər Babazadə, Şiroğlan Talıbov və Murad İbrahimlinin yer aldığı komanda altı turda üç qələbə qazanıb. 7 xal toplayan kişi şahmatçılardan ibarət Azərbaycan kollektivi üçüncü yerdə qərarlaşıb.
Beləliklə Azərbaycan şahmatçıları türkdilli ölkələrin şahmat çempionatını iki qızıl və bir bürünc medalla başa vurub.